OKİ Hospital

Klinika xəbərləri

Qusarda Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin XI Regional Konfransı keçirilib

Qusarda keçirilən konfransda canlı əməliyyatlar, panel müzakirələr və praktiki təlimlər təşkil olunub, müxtəlif ixtisaslar üzrə mütəxəssislər iştirak ediblər.

Qusar rayonunda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin XI Regional Konfransı baş tutub. Tədbir TƏBİB və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin dəstəyi ilə, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı, Qusar Rayon Mərkəzi Xəstəxanası və “OKİ Hospital”ın birgə təşkilatçılığı ilə həyata keçirilib.


Konfransda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Elnarə Muradova, “OKİ Hospital”ın rəhbəri Malik Kərimov və baş həkim İlham Kərimov, həmçinin tibb müəssisələrinin həkim-mütəxəssisləri iştirak ediblər.


Konfrans çərçivəsində müasir tibbi avadanlıqlardan istifadə olunmaqla həyata keçirilən əməliyyatlar konfrans zalına birbaşa translyasiya olunub. Professor Qurbanxan Müslümov tərəfindən laparoskopik xolesistektomiya, professor İslam Maqalov tərəfindən isə sol yumurtalıq kistasının laparoskopik yolla çıxarılması əməliyyatı icra edilib.


Tədbir zamanı cərrahiyyə, endoskopiya, ginekologiya, urologiya, radiologiya və otorinolarinqologiya ixtisasları üzrə panel müzakirələr təşkil olunub, həmçinin təlimlər və ustad dərsləri keçirilib.


Konfransın ikinci günündə iştirakçılar lazer proktologiya, cərrahi tikiş texnikaları, histeroskopiya, CPR, traxeostomiya, hemodializ və tibb bacıları üçün xüsusi modullar üzrə intensiv praktiki təlimlərdə iştirak ediblər.