28 aprel 2025-ci il tarixində Azərbaycanın görkəmli alimi, tanınmış həkim-oftalmoloq, tibb elmləri doktoru, professor, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə klinikamızda anım tədbiri keçirildi.
Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr vermiş, oftalmologiya sahəsində apardığı fundamental elmi-tədqiqat işləri ilə tanınmışdır. Onun görmə orqanının peşə patologiyası, traxoma və digər infeksion göz xəstəliklərinin müalicəsi üzrə elmi nailiyyətləri təkcə respublikamızda deyil, beynəlxalq elmi dairələrdə də yüksək qiymətləndirilmişdir. Zərifə xanım həm də pedaqoji fəaliyyəti ilə gənc kadrların formalaşmasında əvəzsiz rol oynamışdır.
Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı, cənab Sahir Məmmədxanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Komitə sədrinin müavini, cənab Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov iştirak etdilər.
OKİ Hospitalın direktoru, doktor Malik Kərimov öz çıxışında Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında oynadığı əvəzsiz roldan, onun həkimlik və elm yolundakı əzmindən və xidmətlərindən danışdı.
Çıxış edənlər Zərifə xanım Əliyevanın həm peşəkar fəaliyyəti, həm də insani keyfiyyətləri ilə yaddaşlarda iz qoyduğunu, onun təkcə bir elm xadimi deyil, həm də ailəsinə, övladlarına, vətəninə sədaqətli bir insan olduğunu vurğuladılar.
Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Klinikamız bu cür dəyərli ziyalıların xatirəsinin yaşadılmasını və onların həyat yolunun gələcək nəsillərə çatdırılmasını vacib hesab edir. Akademik Zərifə Əliyevanın xatirəsi hər zaman böyük ehtiramla anılacaq.